SİYASƏT


Deputat: Ulu Öndərin doğum günündə Prezident İlham Əliyevin Qarabağa səfəri rəmzi xarakter daşıyır

Bakı, 12 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyevin Qarabağa səfəri rəmzi xarakter daşıyır. Ötən il mayın 10-da Naxçıvanda səfərdə olan dövlətimizin başçısı bu dəfə işğaldan azad edilmiş Qarabağdan mesajlar verdi. Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını bir daha bildirərək, xalqımızı əmin etdi ki, bundan sonra da xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün bütün addımlar atılacaq. Dövlətimizin başçısının da söylədiyi kimi, Heydər Əliyevin ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. “Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”, - deyə Prezident İlham Əliyev qeyd etdi. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Təbii ki, bu, hər bir azərbaycanlını qürurlandırır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan öz maliyyə imkanları hesabına Qarabağı dirçəldir. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, şəhərlər, kəndlər yenidən qurulur. Bütün bölgələrdə olduğu kimi, Füzuli və Şuşada həm sosial infrastruktur yenidən qurulur, həm də bölgədə mədəni-tarixi irsin bərpası aparılır. Eyni zamanda, ermənilərin işğal zamanı vurduğu ziyanın nəticələri aradan qaldırılır, ekoloji tarazlığın təmin olunması istiqamətində praktik addımlar atılır.

“Füzulidə yeni yaradılacaq mərkəzi park kompleksi bu baxımdan əhəmiyyət kəsb edir. Bu park kompleksi şəhərdə ekoloji tarazlığın qorunmasını təmin edəcək. Təməli yeni qoyulan 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası isə əhalinin sağlamlığının qorunması baxımından əhəmiyyətli sosial infrastruktur layihələrindən biridir. Təsadüfi deyil ki, bu ilin fevralında Ağdamda da ən müasir tələblərə cavab verən səhiyyə ocağının inşasına başlanıb. Bu, bütün ölkə ərazisində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə tibbi xidmətlərin təşkili işlərinin sürətlə həyata keçirildiyini təsdiqləyir”, - deyə K.Nurullayeva bildirib.

Şuşada tarixi binaların bərpasının mədəni-tarixi irsin, şəhərin memarlıq tarixinin qorunub saxlanması baxımından vacib olduğunu vurğulayan deputat əslən Şuşadan olan şəxslərin yaşadığı binalara həssas yanaşmanın həm də Qarabağ ziyalılarına ehtiramın göstəricisi olduğunu deyərək bildirib: “Burada istifadəyə verilən yeni otellər isə turizm imkanlarının genişlənməsinə xidmət edir. Bir sözlə, həyata keçirilən bərpa-quruculuq işləri işğaldan azad edilmiş ərazilərin timsalında bütövlükdə ölkənin inkişafını təmin edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.