SİYASƏT


Deputat Ülviyyə Ağayeva: Xudafərin körpüsü türkün tarixi zəfərlərinə şahidlik rəmzi hesab olunur

Bakı, 4 oktyabr, AZƏRTAC

28 il davam edən işğaldan sonra, nəhayət, rəşadətli Azərbaycan ordusu ötən ilin oktyabr ayının 4-də Cəbrayılı işğaldan azad etdi. 2020-ci il oktyabr ayının 18-də – Azərbaycan Respublikasının Müstəqillik Günündə isə igid əsgərlərimiz Xudafərin körpüsü üzərində bayrağımızı ucaltdılar. Qədim dövrlərdən bir çox tarixi hadisələrə, müharibələrə, işğallara şahid olan Xudafərin körpüsü 2020-ci ildə Azərbaycan ordusunun möhtəşəm Qələbəsinə şahidlik etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülviyyə Ağayeva bildirib. O qeyd edib ki, XI-XII əsrlərə aid edilən Xudafərin körpüsü tarixən coğrafi və strateji mövqeyi ilə seçilib. Bu körpü Azərbaycanın bir çox dünya ölkələri ilə – Hindistan, Yaxın və Orta Şərq ölkələri, Qərbi Avropa ölkələri və Rusiya ilə iqtisadi, mədəni əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb. İpək Yolu üzərində yerləşməsi də Xudafərinin iqtisadi əhəmiyyətinə öz təsirini göstərib.

Xudafərin körpüsü strateji əhəmiyyət daşımaqla yanaşı, Azərbaycan memarlığının ən gözəl nümunələrindən sayılır. On əsrə yaxın tarixi olan körpü Azərbaycan memarlıq sənətinin incilərindəndir. Eyni zamanda, Xudafərin körpüsü rəmzi məna daşıyır. Belə ki, bu körpü Araz çayı üzərində yerləşməklə Azərbaycanın şimalı ilə cənubunu birləşdirir. Məhz buna görə Xudafərin körpüsü Azərbaycanın birliyinin, otaylı-butaylı Vətənimizin simvolu hesab edilir. 1993-cü ildə Cəbrayılın mənfur ermənilər tərəfindən işğalı nəticəsində tarixi əhəmiyyət daşıyan Xudafərin körpüsü də düşmən əsarəti altına alındı.

Milli Məclisin deputatı diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın böyük Qələbəsi ilə başa çatmasından cəmi 6 gün sonra – ötən il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Füzuli və Cəbrayıla səfər zamanı Xudafərin körpüsündə də olub, bu abidənin vəziyyəti ilə yaxından tanış olublar. Prezident İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması, bu tarixi abidənin yenidən əsl sahiblərinə qayıtması bütün Azərbaycan xalqına böyük fəxarət hissi yaşatdı. Cəbrayıl ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşmən işğalından azad edilməsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının tarixi və siyasi əhəmiyyəti olduqca böyükdür. Belə ki, xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxmış Xudafərin həm də milli qürur məsələsi idi. Çünki Xudafərin körpüsü milli birlik simvolumuz olmaqla bərabər, həm də türkün tarixi zəfərlərinə şahidlik rəmzi hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.