İQTİSADİYYAT


Deputat: Ümumi ticarət dövriyyəsinin 13,5 faizi Türkiyənin payına düşür

Bakı, 13 sentyabr, AZƏRTAC

Bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 337 milyon dollar olub. Dövriyyənin 11 milyard 39 milyon dollarını ixrac, 6 milyard 297 milyon dollarını isə idxal təşkil edib. Nəticədə həmin dövrdə 4 milyard 741 milyon dollarlıq müsbət saldo yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, xarici ticarət dövriyyəsinin strukturunun təhlili bir sıra məqamlara xüsusi yanaşmaya imkan verir. Qardaş Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliyadan sonra ikinci yerdədir. Sözügedən Avropa ölkəsinə əsasən enerji məhsulları ixrac etdiyimizi nəzərə alsaq, o zaman Türkiyənin mövqeyinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək olar. Ümumi ticarət dövriyyəsinin 13,5 faizi Türkiyənin payına düşür. Bu isə ilin yalnız ilk 7 ayında iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 2 milyard 340 milyon dollar olması anlamına gəlir.

V.Bayramov qeyd edib ki, qardaş ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 milyard dollara çatdırmağı hədəfləyirik. Bu ilin ilk 7 ayında idxal məhsullarının strukturundakı dəyişikliklər də diqqəti cəlb edir. Aydındır ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir. Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bununla yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa, kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Belə ki, bu ilin ilk 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı 3,9 faiz artıb. Ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir.

“Bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur. Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycandan neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar”, - deyə V.Bayramov vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.