SİYASƏT
Deputat: Uydurma “erməni soyqırımı”nın Qərb dövlətləri tərəfindən gündəmdə saxlanması siyasi məqsədlərə xidmət edir
Bakı, 25 aprel, AZƏRTAC
ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı “soyqırımı” ifadəsini işlətməsi çox böyük təəssüf doğurur. Bu ədalətsiz bəyanatı qınayırıq. Tarixdən məlumdur ki, 1915-ci ildə, əslində, türklər soyqırımına məruz qalıb. Ermənilər xalqımıza qarşı da dəfələrlə kütləvi qırğınlar törədiblər. Bu, danılmaz həqiqətdir. Bizlərə qarşı tarix boyunca soyqırımı törədildiyi halda, uydurma “erməni soyqırımı”nın Qərb dövlətləri tərəfindən gündəmdə saxlanması yalnız siyasi məqsədlərə xidmət edir. Ermənilərin uydurma iddiaları həmin ölkələr tərəfindən bir alət kimi istifadə olunur.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat qeyd edib ki, tarixi saxtalaşdırmaq mümkün deyil. Türkiyə dövləti rəsmi olaraq həmin dövrlə bağlı arxivlərin açılmasını, ortaq komissiyanın yaradılmasını illər əvvəl təklif edib. Ermənistan isə bundan imtina edib. Bu fakt erməni riyakarlığının nümunəsidir.
“Uydurma “erməni soyqırımı”nın bəzi dövlətlər tərəfindən tanınması türkofobiyanın göstəricisidir. Məqsəd bu uydurma məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır. Böyük türk xalqını bu cür saxta ittihamlarla zəiflətmək mümkün deyil”, - deyə deputat vurğulayıb.