CƏMİYYƏT


Deputat: Virusa qalib gəlmək istəyən şəxslər özlərini qorumalı və vaksin olunmalıdırlar

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycanda COVID-19-un “omikron” ştamının aşkarlanması pandemiyanın növbəti dalğasının sürətlə yayılmasına səbəb oldu. Qısa müddət ərzində bu virus dünya ölkələrini cənginə aldı. Ekspertlər tərəfindən “omikron” ştamı haqqında konspiroloji nəzəriyyələr ortaya atılmağa başlayıb. Belə ki, bəzi nəzəriyyəçilər yeni yaranan “omikron” ştamının dünya əhalisinin azaldılmasına hesablanmış ən son bioloji mutasiya olduğunu bildirdilər, kimlərsə də virusa qarşi vaksinlərin ümumiyyətlə daha faydasız olduğunu qeyd edərək vaksin siyasətinə qarşı çıxdılar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib.

Deputat deyib: “Əsas reallıq odur ki, COVID-19-un mutasiya olunmuş yeni forması sürətlə yayılır və fəsadlar törətməkdə davam edir. Sadəcə, bir məsələni də yaddan çıxarmayaq ki, əvvəlki viruslardan fərqli olaraq, “omikron” ştamı həm inkubasiya dövrünün az olması, həm də qısa müddətdə klinik əlamətlərinin üzə çıxması və daha az öldürücü olması ilə fərqlənir. Bu gün əksər ailələrdə qripin klassik variantı müşahidə olunur. Qeyd edə bilərik ki, əksər insanlar bu simptomlar yüngül formada da olsa keçirirlər. Əvvəlki ştamlardan, eləcə də “delta”dan fərqli olaraq “omikron”un yüngül keçməsinin şahidi olmaqdayıq. Düşünürəm ki, bunun da əsas səbəbi həm ölkəmizdə, həm də dünyada əksər insanların ikinci doza vaksini vurdurmasıdır. Həmçinin virusların yeni mutasiyasının orqanizmdə yaranmış antitellərlə mübarizə aparmaq qabiliyyəti zəifidir”.

İ.Məmmədov əlavə edib ki, “omikron” ştamı özünü kəskin əlamətlərlə deyil, yüngül formada göstərir. Belə ki, orqanizmə daxil olan virus orada yaranmış antitellərlə qarşılaşaraq qısa müddət ərzində özünün mövcudluğunu büruzə verməyə başlayır. Bu da virusun inkubasiya dövrünün az olması ilə xarakterizə edilir. Demək ki, inkubasiya müddəti xəstəlikdə azalır. Buradan belə nəticəyə gəlmək olar ki, vaksinlərin mərhələli şəkildə qəbul olunması birmənalı şəkildə çox vacibdir. Koronavirusa yoluxmamaq üçün gündəlik həyatımızda qaydalara əməl etməyimiz sağlamlığımız üçün vacib məsələlərdəndir. Yəni, sosial məsafəni gözləmək, əllərin dezinfeksiyaedici məhlullarla yuyulması və maska taxmaq hazırda da gündəmdə olan davranışlardandır. Bu gün hər bir vətəndaş hava-damcı yolu ilə keçən bu xəstəliyə qarşı mübarizədə qalib gəlmək istəyirsə, özünü qorumalı və vaksin olunmalıdır. Çünki vaksin orqanı sensibilizasiya edir, antitellər əmələ gətirərək virusa qarşı müqavimət yaradır. Bütün bunlar xəstəliyi yüngül formada keçirməyə dəlalət edən amillərdəndir. Ona görə də vaksindən qorxmağa ehtiyac yoxdur. Hətta üçüncü doza vaksini, yəni, “buster” dozanı vurdurmaq lazımdır. Eyni zamanda, özümüzü və ailə üzvlərimizi insanların kütləvi toplaşdığı yerlərdən uzaq saxlamaq lazımdır. Həkimlər, səhiyyə ekspertləri mütəmadi şəkildə xəbərdarlıq edir ki, heç kim insanların kütləvi toplaşdığı yerlərə getməsin. Çünki bu virus hava-damcı yolu ilə yayıldığı üçün insanlar asanlıqla yoluxa bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.