SİYASƏT


Deputat: “Xarıbülbül” festivalı Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir

Bakı, 14 may, AZƏRTAC

Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biridir. Bu, uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirib ki, festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir. Eyni zamanda, dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərir.

Ramin Məmmədov festivalın proqramı və formatının ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulduğunu vurğulayıb: “Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir. Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir”.

On üç yaşında Şuşanı məcburi köçkün kimi tərk etdiyini diqqətə çatdıran deputat bildirib ki, Şuşa bütün dünya azərbaycanlılarının yaddaşında xüsusi yeri olan bir şəhərdir: “Şuşadan Bakıya məcburi köçkün kimi gələndən etibarən hər gün bu dağlarda, Cıdır düzündə, doğma şəhərdə “Bayatı-Şiraz”ın sədalarını eşitmək arzusu ilə yaşamışam. Milyonlarla soydaşımız kimi, sevincimin və xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında torpaqlarımızı əsl sahiblərinə - azərbaycanlılara qovuşduran rəşadətli Azərbaycan Ordusunun hər bir zabit və əsgərinin əməyi qarşısında baş əyirəm!”.

Ramin Məmmədov “Xarıbülbül” festivalının açılışında Prezident İlham Əliyevin çıxışında əksini tapmış fikirlərin böyük siyasi-ideoloji məzmuna malik olduğunu, Azərbaycan xalqının tarixi yaddaşına, gələcək haqqında düşüncələrinə, təsəvvürlərinə əsaslanan mühüm mesajlar ehtiva etdiyini vurğulayıb: “Prezident tarixdən də danışdı, dünyadakı proseslərə də toxundu, Azərbaycanın gələcəyə necə hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri necə gördüyünü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Hesab edirəm ki, Prezidentin bu fikirləri festivalın əsas hədəfini kifayət qədər dəqiq ifadə edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.