SİYASƏT


Deputat: Xoşbəxtik ki, müstəqilliyimizin bərpasını qalib xalq kimi qeyd edirik

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Xalqımız 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı böyük Qələbəyə qədər 18 oktyabr tarixini Müstəqillik Günü kimi qeyd edirdi. Xoşbəxt xalqıq ki, 1991-ci ildən bəri son 30 ildə ilk dəfə bu bayramı tam fərqli şəkildə - öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

K.Nurullayeva bildirib ki, Vətən müharibəsindəki tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın qazandığı böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən baxmağı zəruri etdi. Bu səbəbdən 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olundu və müzakirələrdən sonra təsdiqləndi.

“Azərbaycanın Vətən müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış “Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması kimi vacib məsələləri də aktuallaşdırdı. Yeni inkişaf mərhələsində, həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunmasına ehtiyac yarandı. 18 oktyabr Müstəqillik Günü adlandırılsa da, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Yəni, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının məzmunu ilə başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə Aktın adı “müstəqilliyin bərpası” əvəzinə, “müstəqillik aktı” kimi qəbul olunub. Nəzərdə tutulan düzəliş̧ məhz bu uyğunsuzluğu aradan qaldırdı”, - deyə K.Nurullayeva qeyd edib.

Deputat deyib ki, beynəlxalq təcrübəyə nəzər salsaq, qonşu Gürcüstanda da milli dövlətin yarandığı gün Respublika Günü deyil, Müstəqillik Günü adlanır. ABŞ öz yaranma tarixini İstiqlaliyyət Günü kimi qeyd edir. Düzəlişlər Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunmasını təmin edir. Bu, həmçinin ermənilərin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və sovet qanunvericiliyinə əsasən 1991-ci il 2 sentyabr tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxarır. Vətən müharibəsindən sonra Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması ilə “Dağlıq Qarabağ” termini də hüquqi və siyasi baxımdan ləğv edildi.

K.Nurullayeva bildirib ki, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərməklə yanaşı, soydaşlarımızın tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcək. Bu gün biz faktiki varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründəki milli sərhədlərimizin bərpasına nail olmuşuq. Müzəffər Ali Baş komandan İlham Əliyevin də söylədiyi kimi, bizim üçün əsas müstəqillik bayramı 28 May - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.