CƏMİYYƏT


Deputat: Yeni kadr təyinatları dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir

Bakı, 29 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin kadr təyinatları vətəndaş məmnunluğunun yüksəldilməsinə, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu istiqamətdə atılan addımlar əhalinin mütləq əksəriyyətinin razılığı ilə qarşılanır. İyulun 25-də Masallı, Lerik və Göygöl rayonlarının icra hakimiyyətinin yeni başçılarının təyin olunması ilə əlaqədar qəbulda dövlətimizin başçısının çıxışı məhz bu mahiyyətin təsdiqi idi. Prezident İlham Əliyevin çıxışı son illərdə Azərbaycanda sosial-iqtisadi inkişafın konturları, səviyyəsi haqqında gerçək məlumatları, bu istiqamətdə Dövlət Proqramının mahiyyətini əhatə etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, qəbulda ölkəmizdə geniş abadlıq-quruculuq işlərinin görüldüyü, infrastruktur layihələrinin, enerji ilə təchizatın geniş miqyasda yerinə yetirildiyi, ümumiyyətlə, problemlərin böyük əksəriyyətinin aradan qaldırıldığı vurğulandı.

Bölgələrdə müasir tipli xəstəxanaların, məktəblərin inşa edildiyini diqqətə çatdıran S.Xasayeva qeyd edib ki, Azərbaycan tolerant, bəşəri dövlətdir. Dövlətin siyasətinə qarşı çıxanlar, xalqı incidənlər, həssas qrupdan olanların problemlərinə laqeyd yanaşanlar cəzasını mütləq alacaqlar. Yarıtmaz işlərinə görə ölkədə bir neçə icra başçısının cinayət məsuliyyətinə cəlb olunduğunu qeyd edən deputat deyib: “Şəhid ailələri, qazilər hər zaman dövlətin diqqət mərkəzindədirlər. Bu, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində belədir. Şəhid ailələri dövlət tərəfindən mənzillər, fərdi evlər, avtomobillə təmin olunurlar. Ölkəmizdə şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının vurğuladığı kimi, rayon icra orqanlarının nümayəndələri həssas kateqoriyadan olan insanlara biganə qalmamalıdır”.

Deputat vurğulayıb ki, son illər idarəetmədə aparılan ciddi islahatlar öz müsbət nəticəsini verir. İşinə məsuliyyətsiz yanaşan dövlət məmurları, yerli icra orqanlarının nümayəndələri layiqli cəzasını alırlar. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz müzəffər xalq kimi ləyaqətlə yaşayırıq və ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem olmasın, heç bir ədalətsizlik olmasın. Zəfərimizdən sonra bütün imkanlarımızı Azərbaycanın daha da çiçəklənməsinə sərf etməliyik”, - deyə S.Xasayeva bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.