SİYASƏT


Deputat: Zəfər paradı tarixi Qələbəmizi bütün dünyaya nümayiş etdirdi

Bakı, 5 dekabr, AZƏRTAC

Ötən il dekabrın 10-da paytaxtımızda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini və Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusunun erməni faşizmi üzərində tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, 30 ilə yaxın bir dövrdə işğal altındakı torpaqlarımızın düşməndən təmizlənməsi ilə ərazi bütövlüyümüzün bərpasının təcəssümü idi.

Zəfər paradı diqqətçəkən ən mühüm məqamlardan biri kimi Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu göstərdi. Burada nümayiş etdirilən texnikalar dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğıdan xəbər verməklə bərabər, ordumuzun maddi-texniki bazasının zənginliyinin ifadəsi idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Rəşad Mahmudov deyib: “Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən illər ərzində hərbi quruculuq məsələsinə prioritet istiqamətlərdən biri olaraq daim önəm verib, ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüb, Silahlı Qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərini reallaşdırıb.

Ordumuzun inkişafı, modernləşdirilməsi istiqamətində gerçəkləşdirilən layihələrin uğurlu nəticəsi hələ 2016-cı ilin aprelində özünü göstərmişdi. Həmin ayın 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, silahlı qüvvələrimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2 min hektardan çox hissəsini qəsbkardan təmizləmişdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Silahlı Qüvvələrimiz bundan iki il sonra- 2018-ci ilin mayında da uğurlu əməliyyat keçirərək, Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini və Şərur rayonunun Günnüt kəndini düşməndən təmizləmişdi.

Təəssüf ki, işğalçı bütün bu dərslərdən nəticə çıxarmadı, ötən il iyul ayının 12-16-da Tovuz rayonu istiqamətində daha bir məqsədyönlü təcavüzkar hərəkəti törətdi. Bədxah düşmənin təcavüzü bu dəfə də ordumuz tərəfindən layiqincə cavablandırıldı.

Ümumiyyətlə, sadalanan döyüşlər erməni silahlı dəstələrinin ordumuzla müqayisədə nə qədər geri qaldığını, Silahlı Qüvvələrimizin mənəvi-psixoloji, döyüş ruhu, sosial, ictimai, texniki-təchizat, silah-sursat, peşəkarlıq baxımından düşmənin hərbi qüvvələrini müqayisəolunmaz dərəcədə qabaqladığını təsdiqlədi və təbii ki, düşmən də bu üstünlüyü tam anladı. Erməni ictimaiyyəti bu prosesdə gerilədiyini, uduzduğunu öz üzərində açıq-aydın hiss etdi”.

Deputat bildirib ki, Ermənistan ordusunun ötən il sentyabrın 27-də təxribat törədərək ölkəmizə hücuma keçməsi, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutması Azərbaycan Silahlı Qüvvələrini əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı qüvvələrimiz döyüş meydanında Ermənistanın “güclü, məğlubedilməz ordu” mifini birdəfəlik darmadağın etdi.

Zəfər paradında diqqətçəkən bir məqam da Şuşa azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının parada gətirilməsi idi. Eyni zamanda, əldə edilən möhtəşəm uğur şərəfinə paradda 3 min Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitlərinin də iştirakı hər birimizdə qürur hissi doğururdu. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın izləməsi xalqımızın tarix salnaməsinə qızıl hərflərlə yazıldı. Bu, həm də beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi.

Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi bu xalqların tarixində əbədi qalacaq qürurverici hadisəyə çevrildi. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi isə xalqlarımızın mənəvi yaxınlığından xəbər verirdi.

Yeri gəlmişkən, Vətən müharibəsində qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi parlaq qələbəyə inamı artırdı. Döyüşlərin ilk saatlarından etibarən Azərbaycan xalqı qardaş ölkənin həmrəyliyini, doğmalığını hiss etdi. Türkiyənin ilk saatlardan haqq işimizə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi.

R.Mahmudov diqqətə çatdırıb ki, İkinci Qarabağ savaşının 44 gününün hər biri şanlı tarixə çevrildi. Hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad etdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müharibədə işğala son qoyulması və tarixi ədalətin zəfər çalması kimi müqəddəs bir amalla vuruşdu.

Vətən müharibəsində Ali Baş Komandanın əmrini canı, qanı ilə icra edən, Vətənə və əsgər andına sadiq olan qəhrəman Azərbaycan Ordusunda bir dənə də fərari olmadı. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı.

Azərbaycanın qəhrəman oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Rəsmi İrəvanın öz ordusunun yenilməzliyi haqqında yaratdığı mifi dağıtdı. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də erməni faşizmini sarsıtdı, düşmən bizim güc-qüdrətimiz qarşısında birdəfəlik sındı.

Deputat sonda Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış və milli qürurumuzun təntənəsinə çevrilmiş tarixi Zəfər sayəsində hazırda Qarabağ və Şərqi Zəngəzurda yeni inkişaf dövrünün başladığını xatırladaraq deyib: “Erməni faşizminin bu ərazilərdə yerlə bir etdiyi şəhər və kəndlərimizin ən qısa zamanda bərpası, yenidən qurulması, bura qayıdışın tezliklə təmin edilməsi üçün həyata keçirilən tədbirlərin miqyası və sürəti İkinci Qarabağ savaşında olduğu kimi, inam və qətiyyətin təntənəsinə çevrilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.