SİYASƏT
Deputat: Zəngəzur dəhlizi regionun sülh qarantına çevriləcək
Bakı, 21 aprel, Səadət Hakıyeva, AZƏRTAC
Aprelin 20-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bildirdi. Dövlətimizin başçısı bu dəhlizin gələcəkdə ölkəmizin qlobal logistik-tranzit qovşağı ilə bağlı mövqeyini daha da möhkəmləndirəcəyindən əminliyini ifadə edərək, Azərbaycanın konstruktiv əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olan Naxçıvan Muxtar Respublikasını bu vəziyyətdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Zəngəzur dəhlizinin yaradılması əməkdaşlıq və nəqliyyat baxımından Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin maraqlarına xidmət edir.
Vurğulanıb ki, dəhlizin açılması, ilk növbədə, təcrid vəziyyətindən çıxdığı üçün ölkə iqtisadiyyatına tam inteqrasiya oluna biləcək Naxçıvanın iqtisadi inkişafına hərtərəfli dəstək olacaq. Bu dəhliz sayəsində Naxçıvan dövlət büdcəsinə maliyyə baxımından baha başa gələn hava yolu ilə yükdaşımaları dəmir yolu ilə həyata keçirə biləcək.
Anar Məmmədov deyib ki, Azərbaycan bölgədə davamlı sülhün bərqərar edilməsi üçün əsas vasitəni əməkdaşlıqda görür. Buna görə də Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. “Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir damarı açılacaq, bu da bölgə ölkələri arasında iqtisadi-ticari əlaqələrinə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən yararlanaraq əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və turizm əlaqələrinin inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək”, - deyə deputat qeyd edib.
A.Məmmədovun sözlərinə görə, Zəngəzur dəhlizinin bölgə dövlətləri üçün təqdim etdiyi bütün imkanlar onu göstərir ki, bu layihənin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta Dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq, iqtisadi əlaqələrin genişlənməsi ilə regionda davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanılmasına əhəmiyyətli töhfə verəcək.
“Beləliklə, Ermənistanda da başa düşməlidirlər ki, Zəngəzur dəhlizi bu ölkənin illər boyu yoluxdurulduğu dağıdıcılıq xəstəliyindən qurtulmasında, aclıq və səfalətdən xilas olmasında xüsusi rol oynayacaq. Dəhlizin açılması həm də vaxtilə bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin doğma yurdlarına qayıdışı üçün imkanlar yarada bilər.
Göründüyü kimi, yeni reallıqlar Azərbaycanın geosiyasi və geostrateji mövqeyini daha da möhkəmləndirir. Artıq Azərbaycanın və regionun inkişafında yeni dövr, yeni era başlayır. Bu layihələrin gerçəkləşməsi isə regional inkişaf, əməkdaşlıq, bağlılıq üçün daha əlverişli imkanlar yaradacaq. Tezliklə xarici investorların da azad edilmiş torpaqlarımızda yeni layihələrə sərmayə yatırmaları, əlbəttə ki, iqtisadiyyatımızın daha da yüksəlişini təmin edəcək. Azərbaycan həm Qarabağın şöhrətini özünə qaytaracaq, həm də iqtisadi dividendlər qazanacaq. Bütün bunlar isə Azərbaycanın Cənubi Qafqaz regionunda ən sabit, ən qüdrətli və lider ölkə statusunun, mövqeyinin daha da möhkəmlənməsini şərtləndirəcək”, - deyə Anar Məmmədov bildirib.