SİYASƏT


Deputat : Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdidir

Bakı, 26 aprel, AZƏRTAC

ABŞ Prezidenti Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq məhkəmə deyil və indiyədək verilmiş çoxsaylı bəyanatlardan biridir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat təəssüflə bildirib ki, qondarma erməni “soyqırımı” əksər güclərin əlində siyasi alətə çevrilib. Bu silah zaman-zaman qardaş Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə olunub. “Bu gün də biz bu prosesin davam etdiyini görürük. 106 il əvvəl baş verən hadisələrin araşdırılmasına səy göstərməyənlər, tarixi faktları görmək və eşitmək istəməyənlər bu gün saxta “soyqırım”ı tanımaqla ədalətsiz və ikili standartlar siyasətinin üstünlük təşkil etdiyi dünya düzəni olduğunu təsdiqləyirlər”, - deyə K.Nurullayeva qeyd edib.

Deputatın sözlərinə görə, Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi 1915-ci il hadisələrini siyasiləşdirmək cəhdidir. Bununla dünyanın fövqəlgücü tərəfindən tarixi həqiqətlər təhrif olunur. Ermənilər bu illər ərzində dünya ictimaiyyətini bu uydurma iddiaya inandırmağa çalışıblar. Təəssüf ki, 106 il əvvəl baş verən olayları təhrif edənlər 29 il əvvəl məhz terrorçu Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımını, eləcə də vaxtilə erməni millətçilərinin Mərkəzi Anadoluda törətdikləri qətliamları görmək istəmirlər. Bu məsələləri araşdırmaqda, həqiqəti olduğu kimi söyləməkdə, faktlara hüquqi qiymət verməkdə maraqlı görünmürlər. Bu gün tarixin açıq şəkildə saxtalaşdırılaraq siyasi məqsədlər üçün istifadə edildiyinin şahidiyik. ABŞ Prezidentinə öz ölkəsinin tarixinə və bu gününə baxmasını tövsiyə edənlər, əlbəttə ki, haqlıdırlar”.

Könül Nurullayeva diqqətə çatdırıb ki, Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanındadır. Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da qardaş ölkəyə birmənalı dəstək ifadə olunub. Liderlər söhbət zamanı vurğuladıqları kimi, Baydenin bu bəyanatı regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur. Bu isə bir daha göstərir ki, regionda sabitlik və əməkdaşlıq, dayanıqlı sülhün yaradılmasında maraqlı olmayan qüvvələr var. Elə bu səbəbdən Cənubi Qafqazda status-kvo dəyişməz olaraq qalırdı. Yəni, görünən budur ki, özlərini sülh tərəfdarı kimi təqdim edən əksər ölkələrin bu mövqeyi sülhün qorunmasına mane olan başlıca səbəbdir. Rəsmi Ankara haqlı olaraq bəyan edib ki, kəlmələr tarixi dəyişdirə, yaxud da yenidən yaza bilməz.

“Tarixi dəyişmək mümkün deyil. Bu gün biz ABŞ-ın timsalında siyasi fürsətçiliyin sülh və ədalətə qarşı ən böyük xəyanət olduğunu görürük. Bu mövqe tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir”,- deyə deputat qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.