CƏMİYYƏT
Dərbənddə Novruz bayramını təntənə ilə qeyd ediblər
Moskva, 18 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd şəhərindəki filialında Novruz bayramını təntənə ilə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir Dərbənd şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil edilib. Bayram konsertində Azərbaycan Dövlət Dram Teatrının aparıcı artistləri, Dağıstanın “Kaspi” Dövlət Rəqs Ansamblının kollektivi, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd şəhərindəki filialının tələbələri və Dağıstanın estrada ulduzları iştirak ediblər.
Dərbənd şəhər başçısının müavini Vidadi Zeynalov şəhər başçısı Rüstəmbəy Pirmaqomedovun adından qonaqları təbrik edib. Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd şəhərindəki filialının direktoru Qurban Qurbanov, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əsgərov, Cümə Məscidinin axundu Seyid-Haşım Mirteyibov, Dərbənd rayonunun Mədəniyyət, Gənclər Siyasəti, İdman və Turizm İdarəsinin rəisi Timur Məcidov və başqaları təbriklərə qoşulublar.
Dərbənd şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacalıyev çıxış edib. O vurğulayıb ki, Novruz bayramı təbiətin yenilənməsi, sülh, qarşılıqlı hörmət və həmrəylik rəmzidir. Bu bayram müxtəlif mədəniyyətlərin nümayəndələrinə bir-birini daha yaxşı tanımaq imkanı verir, insanları yaxınlaşdırır, cəmiyyətdə harmoniyanı artırır.
T.Hacalıyev deyib: “Novruz bayramı həm də barışıq və müdriklik bayramıdır. Dostluq, mehriban qonşuluq təcəssümü olan bu bayram həmişə insanları həmrəyliyə və birliyə çağırır. Ona görə də biz Novruz, Yaran-Suvar, Ebelcan bayramlarını dini etiqadından və milliyyətindən asılı olmayaraq müxtəlif millətlərdən olan insanlarla birgə qeyd etməyə çağırırıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva