CƏMİYYƏT


Dərbənddə general Mustafa Nəsirovun 100 illik yubileyi qeyd olunub

Moskva, 26 oktyabr, AZƏRTAC

Dərbənddə general Mustafa Nəsirovun 100 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Dərbənd şəhərində yaşayan azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin dəstəyi ilə keçirilən təntənəli tədbirdə şəhər ictimaiyyətinin nümayəndələri, generalın qohumları, dostları və yaxınları iştirak ediblər.

General Mustafa Nəsirov 1921-ci ildə Dərbənddə anadan olub, Məzahir Rzayev adına Dərbənd yeddi illik məktəbini, Dərbənd pedaqoji məktəbini və Dağıstan Müəllimlər İnstitutunu bitirib. Sabnova kəndində orta məktəbdə müəllim, tədris şöbəsinin müdiri işləyib.

1942-ci ilin yanvarında Mustafa Nəsirov Qırmızı Ordu sıralarına çağırılıb. O, "Qırmızı Bayraq", "1-ci dərəcəli Vətən Müharibəsi" ordenləri, "Hərbi xidmətlərə görə", "Jukov" da daxil olmaqla 26 medal ilə təltif edilib. Müharibədən sonra Azərbaycan və Zaqafqaziya sərhəd dairələrində sərhəd qoşunlarında xidmət edib. Baş Qərargah rəisi, Azərbaycan Sərhəd Dairəsi Sərhəd Dəstəsinin rəisi, Naxçıvan Sərhəd Dəstəsinin komandiri, SSRİ DTK Zaqafqaziya Sərhəd Dairəsinin Əməliyyat Hərbi şöbəsinin rəisi, Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin baş müşaviri vəzifələrində çalışıb.

Dinc vaxtda "Qırmızı Əmək Bayrağı" ordeni, "SSRİ dövlət sərhədlərinin keşiyində fərqlənməyə görə" medalı, "Sərhəddə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə təltif edilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı, Azərbaycanın əməkdar hüquqşünası, Dərbənd şəhərinin fəxri vətəndaşı olub. Dərbənd şəhərindəki küçə general Mustafa Nəsirovun adını daşıyır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.