CƏMİYYƏT
Dəridə yaranan quruluq və onunla mübarizə
Bakı, 7 iyul, AZƏRTAC
Dərinin ayrı-ayrı nahiyələrində quruluq əmələ gəlməsi barədə tez-tez şikayətlər eşidilir.
Həkim-dermatoloq Şövqü Zeynalov bununla əlaqədar deyib: “Dərinin piy vəzlərinin funksiyasının azaldığı və piy ifraz edə bilmədiyi hissələrdə dəri quruluğu yaranır. Ovucun içində, dabanda və ayağın altında piy vəziləri yoxdur, ona görə də dərinin ən çox quruyan hissələri həmin nahiyələr olur. Dəri quruluğunun müxtəlif səbəbləri var. Əllərin tez-tez yuyulması, duru sabunlardan, dezinfeksiyaedici maddələrdən çox istifadə edilməsi quruluğa aparıb çıxarır. Maye qəbulunun az olması da dəri quruluğuna səbəb olan amillərdəndir. Şəkərli diabet xəstələrində dəri quruluğuna daha çox rast gəlinir, çünki onların orqanizmi balans pozulduğu üçün çoxlu su itirir”.
Onun dediyinə görə dəri quruluğunu aradan qaldırmaq üçün A və E tərkibli vitaminlər və nəmləndirici kremlərdən istifadə edilməli, çoxlu maye qəbul olunmalıdır.