REGİONLAR
Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir
Naxçıvan, 30 oktyabr, AZƏRTAC
Mikayıl Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.
Naxçıvan Dövlət Universitetinin televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikir universitetdə keçirilən görkəmli şair Mikayıl Müşfiqin 110 illiyinə həsr edilmiş elmi-konfransda səsləndirilib.
Ali təhsil ocağının tarix-filologiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq bildirib ki, bu, dövlətimizin görkəmli şairin yaradıcılığına verdiyi yüksək qiymətin ifadəsidir. Stalin repressiyalarının qurbanı olmuş ədib öz qısa ömründə çox böyük əsərlər yaratmağa müvəffəq olub.
“Mikayıl Müşfiqin yaradıcılıq yolu” adlı çıxışında Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Hüseyn Həşimli şairin həyat və yaradıcılığından danışıb. Bildirib ki, 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açan şairin atası müəllim olub, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova “Mikayıl Müşfiq və ədəbi dilimiz” adlı çıxışında unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıb. Qeyd edilib ki, şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək lirik növün əksər janrları daxildir. “Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir” - deyən professor diqqətə çatdırıb ki, ədib lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradaraq, şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan da bəhrələnib.
Sonda tələbələr şairin şeirlərini söyləyiblər.