REGİONLAR


Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir

Siyəzən, 3 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 3-də Siyəzəndə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin 110 illik yubileyi ilə əlaqədar konsert təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Xaçmaz Regional Mədəniyyət İdarəsi, Siyəzən Rayon İcra Hakimiyyəti və Cabir Novruz Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ölməz şairin həyat və yaradıcılığı haqqında danışılıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açılıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun sektor müdiri Məmməd Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev çıxışlarında Prezident İlham Əliyevin Sərəncamı ilə bu il şairin 110 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz xəzinədir. Xalqı, vətəni sevən şairlər heç zaman ölmür və unudulmurlar.

Vurğulanıb ki, dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Çıxışlardan sonra təqdim olunan konsert proqramında Əməkdar artistlər Rəşad İlyasov, Elza Seyidcahan, Hüsniyyə Mürvətova və tanınmış muğam ifaçısı Mirələm Mirələmov çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.