MƏDƏNİYYƏT
Dərnəklər müsabiqəsinin ilk mərhələsinə start verilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Binə qəsəbə Mədəniyyət Mərkəzində Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin “Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə” adlı layihəsi çərçivəsində ilk görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı şəhərinin 11 mədəniyyət mərkəzinin nümayəndələri iştirak ediblər. Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, görüşün keçirilməsində məqsəd dərnəklərin fəaliyyətinin inkişaf etdirilməsi, stimullaşdırılması, təbliği, sənaye qabiliyyətinin artırılması, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq dərnəklərinə daha çox cəlb olunması, təcrübə mübadiləsinin təşkili, istedadlı gənclərin üzə çıxarılması, dövlət - özəl sektor tərəfdaşlığına təkan verilməsi və mədəniyyət müəssisələrinin müsbət sosial imicinin formalaşdırılmasından ibarətdir. Vurğulanıb ki, bu müsabiqə mədəniyyət müəssisələrini biznes strukturları ilə birləşdirən layihədir.
Görüşdə, həmçinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev müsabiqənin yaranma ideyasından söz açıb. Mərkəzin şöbə müdiri Məzahir Qarayev və sektor müdiri Elnarə Hacıyeva iştirakçıları müsabiqənin şərtləri və qaydaları ilə tanış ediblər.
Müsabiqə 3 mərhələdən və yekun mükafatlandırma mərasimindən ibarətdir:
I mərhələ - Dərnəyin təşkilinə baxış (kargüzarlıq işləri, təbliğat fəaliyyəti, dərnək rəhbərinin təhsili və iş təcrübəsi, cəlb olunmuş üzvlər haqqında məlumatlar);
II mərhələ - Dərnəyin ümumi fəaliyyətinin nümayişi (dərnəyin son 3 ildə tədbirlər, festival və müsabiqələrdə iştirakı, təltif və diplomları, fəaliyyətinin çeşidliyi, yaş üzrə qruplarının sayı, dərnək üzvləri tərəfindən hazırlanmış əl işlərinə baxış, dərnək üzvlərinin tədrisi bitirdikdən sonrakı fəaliyyəti və s.);
III mərhələ - Mövzu üzrə veriləcək tematik tətbiqi tapşırığın kreativ icrası.
Yekun mərhələdə dərnəklərin ümumi fəaliyyətini əks etdirən sərgidə qaliblərin müəyyənləşdirilməsi və mükafatlandırma mərasimi nəzərdə tutulur.