ELM VƏ TƏHSİL
Dərslərdə problemyönümlü təhsil metodunun tətbiqinə dair vebinar
Bakı, 1 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professor-müəllim heyəti üçün dərslərdə PYT (problemyönümlü təhsil) metodunun tətbiqi istiqamətində növbəti vebinar keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, vebinar Niderlandın Maastricht Universitetinin professoru Uim Groot və Strateji inkişaf üzrə prorektor Ülkər Səttarova tərəfindən aparılıb. Vebinarda ümumilikdə 20-dən çox müəllim iştirak edib.
Professor Groot təqdimatında PYT metodunun 12 əsas prinsipinin və keyslərin düzgün qoyuluşunun ətraflı izahını verib.
Daha sonra Ü.Səttarova müəyyən müddətdə PYT metodunun və ənənəvi metodun tətbiq edildiyi müxtəlif qruplarda tələbələrin göstəricilərinə dair statistikanı təqdim edib. Statistikaya əsasən, PYT metodu tətbiq edilən qruplarda tələbələrin imtahan nəticələri yüksək olub.
Vebinarın sonunda suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.