İQTİSADİYYAT
Dəyər zəncirlərinin yaradılması kənd yerlərində gəlirlərin artmasına səbəb olacaq
Bakı, 20 iyul, AZƏRTAC
Donor təşkilatlarının nümayəndələri Azərbaycanda dəyər zəncirlərinin yaradılmasını kənd yerlərində gəlirlərin artması və inkişafın sürətlənməsi üçün vacib addım hesab edirlər.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikir Dünya Bankı, İslam İnkişaf Bankı, Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyi, Alman Texniki Əməkdaşlıq Təşkilatı (GİZ), ABŞ Beynəlxalq Əməkdaşlıq üzrə Agentliyi (USAID), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kimi beynəlxalq təşkilat və birlik təmsilçilərinin nümayəndələrinin iştirakı ilə nazirlikdə keçirilən görüşdə səsləndirilib.
Görüş Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə təşkil olunub.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin layihə rəhbəri Olaf Haydelbax bildirib ki, 2014-cü ildə Azərbaycanın 4 strateji məhsulunun dəyər zənciri təhlil edilib. Təhlil nəticəsində çay, giləmeyvə, ipək və çaxır kimi strateji məhsulların dəyər zənciri çərçivəsində təhsil, tədqiqat, məsləhət, subsidiyalar və vergi sisteminin qarşılıqlı şəkildə inkişafı üçün dövlət tərəfindən hüquqi baxımdan önəmli addımların atılmasına ehtiyac duyulduğu müəyyən edilib.
Beynəlxalq ekspert Martin Mautner Markhof isə bazara məhsul çıxarmaq üçün satış kanallarını tapmaqda çətinlik çəkən fermer ilə xammal tapmaqda problemlərlə üzləşən emaledicini birləşdirməyin vacibliyini vurğulayıb. Martin Mautner Markhof məsləhətçisi olduğu “Kənd Təsərrüfatının Rəqabətliyinin Gücləndirilməsi” layihəsinin məqsədinin də bundan ibarət olduğunu deyərək bildirib ki, layihə qarşısına qoyduğu məqsədə nail olsa, fermerlər ilə emaledicilər arasında məhsuldar əməkdaşlıq formalaşacaq. Bu da kənd yerlərində gəlirlərin əmələ gəlməsi və inkişafı prosesini sürətləndirəcək, qida sektorunda idxalın yerli məhsullarla əvəzlənməsinə səbəb olacaq, eləcə də müxtəlif dəyər zəncirlərinin inkişafı üçün yeni texnologiyaları tətbiq etməyə imkan yaradacaq.
Donorların görüşündə diqqət çəkilən daha bir məsələ də “Kənd təsərrüfatı kreditləri və sığorta mexanizmləri” olub. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə xüsusi olaraq həm dəyər zəncirinin, həm də kredit mexanizmlərinin inkişafında beynəlxalq təcrübələrdən faydalanmaq üçün beynəlxalq təşkilatların dəstəyinə ehtiyac olduğunu söyləyib.
“Frankfurt biznes və maliyyə məktəbi ilə qurulan əməkdaşlıq kənd təsərrüfatında kredit mexanizmlərinin inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan olacaq”, – deyə Rüfət Rüstəmzadə bildirib.
Görüşdə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Alman Texniki Əməkdaşlıq Təşkilatının (GİZ) Cənubi Qafqaz regionunda özəl sektorun inkişafı üzrə proqram mütəxəssisi Gülnar Məmmədova və digər beynəlxalq təşkilatların nümayəndələri də dəyər zənciri, kənd təsərrüfatı kreditləri və sığorta mexanizmləri ilə bağlı olan təcrübələr, nailiyyətlər və gələcək planlar barədə fikirlərini bölüşüblər.