CƏMİYYƏT
“Dəyirmi masa”da Azərbaycan həkimlərinin yanıqların müalicəsi sahəsində uğurlarından bəhs edilib VİDEO
Bakı, 2 mart, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasının yanıq şöbəsində “dəyirmi masa” keçirilib. Tədbirdə kombustiologiya sahəsində azərbaycanlı mütəxəssislərin uğurları təqdim olunub. Təbabətin nisbətən gənc sahəsi sayılan kombustiologiya ağır yanma zədələrinin və onlarla əlaqədar patoloji halların, o cümlədən yanıq şokunun və müvafiq müalicə metodlarının öyrənilməsi ilə məşğul olur.
AZƏRTAC xəbər verir ki, tədbirdə klinikanın baş həkimi, professor Şahin Əliyev bildirib ki, rəhbərlik etdiyi bu tibb müəssisəsinin yanıq bölməsinə keçən il ambulator müalicə üçün təxminən 1200 xəstə daxil olub. Onlardan 800-ə yaxını müxtəlif dərəcəli yanıqlardan zərər çəkmiş şəxslər kimi stasionar müalicəyə qəbul edilib. Şöbəyə müraciət edənlərin arasında uşaqlar daha çoxdur. Körpələr arasında isti su yanıqları, böyüklər də isə su ilə yanaşı partlayış yanıqları çoxluq təşkil edir. Ötən il şöbədə 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib ki, bunların 70 faizində ağır yanıq xəsarətləri, bəzilərinin isə bədənlərinin 50 faizi yanmış olub.
Cari ilin ilk iki ayı ərzində bu şöbəyə daxil olan xəstələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Sonra tədbirdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasının yanıq şöbəsinin mütəxəssisləri, həkim-ordinator Ülviyyə Zeynalovanın “Azərbaycanda kombustiologiyanın inkişafı. Yanıq travması haqda ümumi məlumat”, tibb üzrə fəlsəfə doktoru Həmzə Əzizbəyovun “Yanıqlar və onların fəsadları” və institutun stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının həkimi, tibb üzrə fəlsəfə doktoru, dosent Həsən Əsədovun “Üz-çənə nahiyəsinin anomaliyalarında aparılan plastik və rekonstruktiv cərrahi əməliyyatlar” mövzularında məruzələri dinlənilib.
Mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.