REGİONLAR
Dəyirmi masada “İnsan alverinə qarşı mübarizə” mövzusunda müzakirələr aparılıb
Masallı, 20 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzində gənc könüllülərin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada “İnsan alveri nədir?”, “Onun qurbanları əsasən kimlər olur?”, “Özümüzü bu təhlükədən necə qorumalı?” mövzularında müzakirələr aparılıb.
Mərkəzin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycanda insan alverinin profilaktikasının müxtəlif dövlət proqramları çərçivəsində xüsusi tədbirlər sistemi əsasında təşkil edildiyini qeyd edərək, insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil olunmasının müsbət nəticələr verdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, insan alverinə qarşı dövlətin müvafiq qurumları tərəfindən həyata keçirilən inzibati, hüquqi və digər məqsədyönlü işlər barədə əhalinin məlumatlandırılması bu xüsusi tədbirlər sistemində mühüm yer tutur.
Sonda mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.