ELM VƏ TƏHSİL
Deyv Fyu: VI Beynəlxalq təhsil sərgisi bizə azərbaycanlı tələbələrlə birbaşa əlaqə qurmaq fürsəti yaradır VİDEO
Bakı, 7 aprel (AZƏRTAC). Bakıya birinci dəfədir gəlirəm. Açığını deyim ki, Bakının bu qədər gözəl və inkişaf etmiş şəhər olduğunu düşünmürdüm. Sərgi ərəfəsində paytaxtda gəzintiyə çıxdıq və bu məndə olduqca xoş təəssürat yaratdı. İçərişəhərin, Qız qalasının necə möhtəşəmliyinin şahidi oldum.
Bu sözləri “Kaspi” Təhsil Mərkəzi tərəfindən Bakıda keçirilən VI Beynəlxalq təhsil sərgisinin iştirakçısı, mərkəzi İngiltərədə yerləşən “Kembric” Təhsil Mərkəzinin regional market inkişafı üzrə meneceri Deyv Fyu AZƏRTAC-a müsahibəsində demişdir.
Qonaq bildirmişdir ki, “Kembric” Təhsil Mərkəzi Böyük Britaniya və ABŞ orta məktəblərində və universitetlərində təhsil almaq imkanı yaradır.
Diqqətə çatdırmışdır ki, “Kaspi” Təhsil Mərkəzi ilə əməkdaşlıq və bu çərçivədə keçirilən sərgi onlara xaricdə təhsilini davam etdirmək istəyən azərbaycanlı tələbələrlə birbaşa görüşmək fürsəti yaratmışdır.