SİYASƏT
Dezinformasiya metodları dəyişməz qalır VİDEO
Vaşinqton, 8 yanvar, Yusif Babanlı, AZƏRTAC
Amerikanın “The Wall Street Journal” nəşri bu yaxınlarda Azərbaycanın hökuməti və məhkəmə sistemi barəsində qərəzli mövqe bildirmiş “Freedom House” təşkilatının keçmiş başçısı Devid Kreymerin məqaləsinə cavab olaraq Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Azərbaycan barəsində tənqid düzgün deyil” sərlövhəli şərhini dərc edib (http://www.wsj.com/articles/criticism-of-azerbaijan-is-mistaken-letters-to-the-editor-1420672431?KEYWORDS=azerbaijan) .
E.Süleymanov nəşrin oxucularına müraciətində yazır ki, Devid Kreymerin kampaniyası əslində Azərbaycanın strateji cəhətdən əhəmiyyətli olduğunu vurğulayır və Azərbaycan barəsində tənqiddə “şəxsi maraqları” ifşa edir. Bu, Avrasiya məkanındakı gerçəkliklərə məhəl qoyulmamasında və ABŞ-ın milli mənafeyini üstələyən Kreymerin şəxsi emosiyalarında özünü büruzə verir.
Müəllif yazır ki, “Cənab Kreymer faktların onun ideoloji antiazərbaycan şövqünə qalib gəlməsinə imkan vermir, Leyla Yunusun əslində sapsağlam olması barədə alman həkiminin rəhbərlik etdiyi beynəlxalq həkimlər komandasının rəyinə, yaxud məsələn, “Azadlıq” radiosunun yerli ofisinin maliyyə səhlənkarlığı ilə əlaqədar radio işçilərinin dindirilməsi faktına məhəl qoymur.
Azərbaycanda daxili məhkəmə təhqiqatı faktının Kreymer tərəfindən şişirdilməsi və məhkəmə işinin düzgün olmayaraq “Amerika üçün çağırış” kimi təqdim edilməsi sovet dövrünün ABŞ-dakı “məzlum və günahsız kommunistləri” azad etmək çağırışlarına bənzər təbliğatı xatırladır. Diplomat sonda yazır: “Etiraf etmək lazımdır ki, SSRİ-də yaşayıb ideoloji dezinformasiya kampaniyalarının şahidi olduğumuza görə, illər ötdüyünə baxmayaraq, təəssüflə qeyd etməliyik ki, dezinformasiya metodları dəyişməz qalır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton