CƏMİYYƏT
“Diabetə birlikdə qalib gələk” devizi rəhbər tutulub
Bakı, 23 iyun, Əziz Məmmədov, AZƏRTAC
İyunun 23-də Bakı şəhərinin Yasamal rayonu parkında Azərbaycan Diabet Liqasının (ADL) və Yasamal rayon icra hakimiyyətinin təşkilatçılığı ilə birlikdə təşkil etdikləri “Diabetə birlikdə qalib gələk” devizi ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADL-in sədri, Respublika Endokrinologiya Mərkəzinin həkim-endokrinoloqu Yeganə Sultanova çıxış edib. O, hər yeddi saniyədən bir dünyada şəkərli diabetin fəsadlarından bir nəfərin dünyasını dəyişdiyini diqqətə çatdıraraq deyib: “Dünyanın bir çox ölkələrində şəkərli diabet ölümün bilavasitə səbəbləri arasında ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, hazırda dünyada 451 milyon adam şəkərli diabetdən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının proqnozlarına görə, diabetə tutulanların sayı 2045-ci ilə qədər 690 milyon nəfərə çata bilər”.
Onun sözlərinə görə, statistik məlumatlar göstərir ki, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da bu xəstəliyə tutulanların sayında, təəssüf ki, artım müşahidə olunur. Belə ki, müalicə-profilaktika müəssisələrində 243.226 xəstə qeydə alınıb. Y.Sultanova qabaqcıl ölkələrdə bu qlobal problemin həlli yollarının axtarışı istiqamətində həkimlər və tibb işçiləri tərəfindən aparılan tədqiqatlardan, habelə ölkəmizdə görülən işlərdən də danışıb. O, diqqətə çatdırıb ki, Azərbaycan Diabet Liqası yarandığı gündən (1999-cu il) indiyədək birinci və ikinci tip şəkərli diabeti olan insanların keşiyindədir və daim onlara yardım göstərir. Təşkilat tibbi proqram təminatı, hüquqi, sosial və humanitar yardım proqramı, fiziki və psixoloji yardım proqramı ilə məşğul olur. Bundan əlavə, yay düşərgələri təşkil edir. Düşərgələrdə diabetin profilaktikası, diyetoloqların və psixoloqların yardımı, yoqa dərsləri və s. tədbirlər keçirilir.
Çıxışlardan sonra paytaxt sakinləri, o cümlədən diabetdən əziyyət çəkən uşaqlar mütəxəssislər tərəfindən pulsuz tibbi müayinə olunublar. Onların hansı risk qrupuna daxil olduğu müəyyən edilib.
Aksiya iştirakçılarına şəkərli diabet və onun profilaktikası, şəkərli diabetdən əziyyət çəkən xəstələrin qidalanma qaydaları barədə məlumat verilib.
Tədbir konsert proqramı ilə davam edib.