CƏMİYYƏT
Diabetlə mübarizədə iştirak edənlər mükafatlandırılacaqlar
Bakı, 23 oktyabr, AZƏRTAC
Əhali arasında şəkərli diabetə qarşı mübarizədə maarifləndirməni artırmaq məqsədilə Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkəti birgə layihə keçirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda ilk dəfə şəkərli diabetlə mübarizədə fərqlənənlər üçün “Azerbaijan Changing DiabetesTM Awards” mükafatı təsis edilib.
Dörd nominasiya üzrə təqdim olunacaq mükafatın qalibləri müvafiq meyarlar üzrə müəyyənləşdiriləcəklər.
Birinci nominasiya üzrə mükafat ilin ən yaxşı gənc tədqiqatçısına təqdim olunacaq. Bu nominasiyada şəkərli diabet üzrə elmi araşdırma və məqalə müəllifləri, elmi konfrans və seminarların fəal iştirakçısı və Beynəlxalq Diabet Federasiyasının tədbirlərində iştirak edən gənc tədqiqatçılara üstünlük veriləcək.
İkinci mükafat ilin ən yaxşı həkimi nominasiyasında şəkərli diabetin müalicəsində innovativ metodlardan istifadə edən, elmi konfrans və seminarlarda fəal iştirak etmiş, müasir protokollara əsasən pasiyentəri müalicənin erkən mərhələsində insulinə keçirtməyə təşəbbüs göstərən və HbA1c göstəricisi ciddi nəzarət altında saxlanılan pasiyentləri olan tibb işçilərinə təqdim olunacaq.
Üçüncü nominasiya adı “İlin ən yaxşı jurnalisti”dir. Həmin nominasiya üzrə şəkərli diabet ilə mübarizəyə dair, o cümlədən bu xəstəlik haqqında maarifləndirici yazı müəllifləri, şəkərli diabetlə bağlı tədbirlərdə iştirak edən jurnalistlər müraciət edə bilərlər. Şəkərli diabetdən əziyyət çəkənlərin həyat tərzinin yaxşılaşdırlıması, müalicə xərcləri və onların optimallaşdırılmasına həsr olunmuş məqalə müəlliflərinə üstünlük veriləcək.
Dördüncü mükafat ilin ən yaxşı təlimçisi (Best educator of the year) nominasiyası üzrə şəkərli diabeti olanlara bu problem haqqında keyfiyyətli təlim keçən şəxslərə təqdim olunacaq.
Namizədlər müraciətlərini özləri haqqında ətraflı məlumat, tərcümeyi-hal və nominasiyaya uyğun sənədlərini əlavə edərək ([email protected]) email ünvanına göndərə bilərlər.
Müraciətlər oktyabrın 23-dən noyabrın 1-dək qəbul edilir.
Müraciətlər xüsusi ekspertlərdən ibarət komitə üzvləri tərəfindən təhlil ediləcək.
“Azerbaijan Changing DiabetesTM Awards” mükafatı noyabrda keçiriləcək mərasimdə təqdim olunacaq.