REGİONLAR
Diaqnostika Müalicə Mərkəzinin həkimləri Babək rayonunda cərrahiyyə əməliyyatları aparıblar
Babək, 31 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Diaqnostika Müalicə Mərkəzinin həkimləri Babək Rayon Mərkəzi Xəstəxanasında əhaliyə pulsuz tibbi xidmət göstəriblər, 8 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparıblar.
AZƏRTAC xəbər verir ki, həkimlər tərəfindən 20-dən çox xəstə müayinə edilib, onlardan təyinat alanlarda müxtəlif cərrahi əməliyyatları aparılıb. Əməliyyatlarda 4 həkim, 2 anestezioloq və 6 tibb bacısı iştirak edib.
Azərbaycan Respublikasının Əməkdar Həkimi, Diaqnostika Müalicə Mərkəzinin reanimasiya-anesteziologiya şöbəsinin müdiri Ənvər Şıxəliyev deyib ki, muxtar respublikanın bütün rayon mərkəzi xəstəxanalarında yaradılan şərait və müasir tibbi avadanlıqlar müayinə və əməliyyatları uğurla həyata keçirməyə imkan verir.
Vətəndaşlara pulsuz tibbi xidmətlərin göstərilməsi növbəti günlərdə digər rayonlarda da davam etdiriləcəkdir.