CƏMİYYƏT
Diaspor Gənclərinin III Yay Düşərgəsi keçiriləcək
Bakı, 4 fevral, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsi irimiqyaslı layihələrindən olan diaspor gənclərinin növbəti yay düşərgəsinə hazırlaşır.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, bu il iyulun 12-dən 19-dək Qusarda keçiriləcək “Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyən gənclərin artıq qeydiyyatına başlanıb.
Düşərgə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunur.
Komitə artıq diaspor gənclərinin iki yay düşərgəsini uğurla təşkil edib, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələri bu mühüm platforma çərçivəsində bir araya gələrək ölkəmizlə daha yaxından tanış olub, eyni zamanda, şəbəkələşmək imkanı qazanıblar.
Hər il olduğu kimi, bu il də düşərgədə yaşı 18-29 arasında olan, Azərbaycan dilində ünsiyyət qurmağı bacaran gənclər iştirak edə bilərlər. Əvvəlki düşərgələrdə olduğu kimi, Diaspor Gənclərinin III Yay Düşərgəsində də iştirak ödənişsizdir.
“Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyənlər Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına daxil olaraq müraciət forması və düşərgədə iştirak şərtlərini öyrənə bilərlər.