REGİONLAR
Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşaya yola düşüblər
Şuşa, 2 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları avqustun 2-də Şuşaya yola düşüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 50 ölkəni təmsil edən 115 nəfər düşərgə iştirakçısını qədim şəhərimizə aparan avtobus karvanı Heydər Əliyev Sarayının qarşısından yola düşüb.
Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimiz və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yol boyunca erməni silahlı birləşmələrinin Qarabağda törətdikləri vandalizm aktlarının, eləcə də hazırda azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti-quruculuq işlərinin şahidi olacaqlar.
Qeyd edək ki, layihə Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində həyata keçirilir. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Avqustun 8-dək davam edəcək düşərgə müddətində gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edəcəklər. Proqrama Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanışlıq, müqəddəs məkanları ziyarət, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimiz, həmçinin müxtəlif sahələr üzrə ekspertlər ilə görüşlər daxildir. Bundan başqa, əyləncəli proqramların və intellektual oyunların təşkili də nəzərdə tutulub.
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.