CƏMİYYƏT


Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları blogerlərlə görüşüb

Bakı, 7 avqust, AZƏRTAC

Diaspor Gənclərinin Şuşa şəhərində keçirilən III Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış blogerləri ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Cahid Kazımovun moderatorluğu ilə aparılan görüşdə bloger Kubra Məhərrəmova və influenser marketinq şirkətinin rəhbəri Aliyə Cəlil iştirak ediblər.

Ata tərəfdən əsillərinin Şuşadan olduğunu söyləyən Kübra Məhərrəmova bildirib ki, diaspor gəncləri üçün düşərgənin mədəniyyət paytaxtımızda təşkil edilməsi çox mühüm hadisədir: “Dünyanın harasında olursunuzsa-olun, bu torpaqların dağı, daşı sizə hər zaman güc verəcək”.

Vətən müharibəsi dövründə ölkəmizə qarşı aparılan informasiya savaşı zamanı müxtəlif təxribatlarla qarşılaşdıqlarını vurğulayan K.Məhərrəmova qeyd edib ki, bütün çətinliklərə baxmayaraq diaspor gənclərindən güclü dəstək alıblar: “Dünyanın dörd tərəfində yaşayan gənclərimiz bizim saytların yaydıqları informasiyaları “Qarabağ Azərbaycandır!”, “Azad Şuşa”, “Gəncə üçün dua et!” və sair həştəqlərlə sosial şəbəkələrdə dərhal paylaşırdılar. İnformasiya müharibəsində bu üstünlüyü siz bizə qazandırdınız”.

Aliyə Cəlil qeyd edib ki, gənclərimiz döyüş meydanından və informasiya müharibəsindən alnıaçıq və üzüağ çıxdılar: “Həm səngərdə, həm də sosial media şəbəkələrində qalib gəldik. Buna görə hər birinizə təşəkkür edirəm”.

Kübra Məhərrəmovanın “Mənə elə gəlir ki, ölkəmizdə ən güclü influenser Prezident İlham Əliyev oldu. Bütün vətəndaşlarımız və dünyadakı azərbaycanlılar, hətta tviterdə olmayan mən belə, onun səhifəsinə abunə olduq ki, baş verənlərdən dərhal xəbər tutaq” fikri düşərgə iştirakçılarının alqışları ilə qarşılanıb.

Blogerlər diaspor gənclərini Azərbaycan həqiqətlərini məntiqlə və mütəşəkkil şəkildə təbliğ etməyə çağırıblar və bu istiqamətdə tövsiyələrini səsləndiriblər.

Tədbir interaktiv sual-cavab formatında davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.