CƏMİYYƏT
Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları tanınmış mədəniyyət xadimləri ilə görüşüblər
Bakı, 5 avqust, AZƏRTAC
Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi çərçivəsində tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Bülbülün ev-muzeyinin həyətində təşkil olunan tədbirdə “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, kinoşünas, kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev, kinoaktyor, Xalq artisti Şamil Süleymanov və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Zöhrab Dadaşov iştirak ediblər. Xalqımızın zəngin mədəni irsi barədə ətraflı məlumat verən tanınmış ziyalılarımızın maraqlı söhbətləri düşərgə gənclərinə unudulmaz anlar bəxş edib.
Gözəl əhval-ruhiyyənin hökm sürdüyü görüş sualların cavablandırılması ilə başa çatıb.