SİYASƏT


Diaspor Gənclərinin I Yay Düşərgəsi xaricdəki gənclərimizin birliyi baxımından böyük əhəmiyyətə malikdir

Kuala Lumpur, 1 oktyabr, AZƏRTAC 

Diaspor Gənclərinin I Yay Düşərgəsi xaricdəki gənclərimizin birliyinin yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Bu birlik Azərbaycanı bütün dünyada daha geniş tanıtmaq üçün birgə fəaliyyətin qurulmasına böyük təsir göstərə bilər.

Bu sözləri AZƏRTAC-ın Malayziya üzrə xüsusi müxbiri ilə müsahibəsində avqustun 22-dən 28-dək keçirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı, Malayziya Milli Universitetinin tədqiqatçısı Səid Cəfərli deyib. Qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan düşərgə Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Düşərgədə dünyanın 37 ölkəsində çalışan və ya təhsil alan diasporumuzun 140 gənc nümayəndəsi iştirak edib. S.Cəfərli Malayziyadakı Azərbaycan diasporunu təmsil edib.

S.Cəfərli vurğulayıb ki, düşərgə dünyanın müxtəlif ölkələrində olan diaspor təşkilatları nümayəndələri ilə əlaqələrin qurulması, şəbəkələşmənin yaradılması və bu sahədə olan təcrübənin öyrənilməsi baxımından əhəmiyyətlidir. Düşərgə zamanı iştirakçılar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti, Prezident İlham Əliyev tərəfindən bu sahədə həyata keçirilən dövlətçilik fəaliyyəti, eyni zamanda, Azərbaycan diasporunun fəaliyyət istiqamətləri barədə geniş məlumatlandırılıblar.

Düşərgə çərçivəsində təşkil edilən müxtəlif tədbirlər, o cümlədən Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş şəxslərlə və 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları ilə görüşlər isə Qarabağ həqiqətlərinin iştirakçılara daha aydın çatdırılmasında mühüm rol oynayıb.

Eyni zamanda, düşərgə günlərində keçirilən xüsusiləşdirilmiş Azərbaycan dili dərsləri iştirakçıların dilimizin düzgün istifadəsi barədə biliklərini artırıb. Azərbaycanın bölgələrinin tanınmasına yönələn “Vətəni tanı” müsabiqəsi iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Düşərgənin nəticələrini yüksək qiymətləndirən S.Cəfərli bildirib ki, düşərgə zamanı Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsinin yaradılması tədbirin ən uğurlu nəticəsi olub. Gənclər Şəbəkəsinin üzvləri təkliflərlə çıxış edərək gələcəkdə görüləcək işlərlə bağlı qətnamə də imzalayıblar.

Qeyd edək ki, S.Cəfərli Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsinin Malayziya üzrə təmsilçisi seçilib. O, həmçinin “Vətəni tanı” müsabiqəsinin qaliblərindən biri olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.