CƏMİYYƏT
“Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda görüş olub
Bakı, 30 iyul, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İslahat Könüllüləri Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun könüllülərlə “Diaspor fəaliyyətinin Azərbaycanın dövlət siyasətinə dəstəyi” mövzusunda görüşü keçirilib.
İİTKM-dən AZƏRTAC-a bildirilib ki, videokonfrans formatında keçirilən görüşdə F.Muradov Azərbaycanın diaspor siyasəti, pandemiya dövründə diaspor təşkilatlarının, eləcə də diaspor könüllülərinin fəaliyyəti barədə danışıb.
O bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışlarında hər zaman könüllülərin fəaliyyəti vurğulanır. Komitə sədri Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində ermənilərin təxribatından sonra xaricdə yaşayan azərbaycanlıların keçirdiyi aksiyalar, xarici mətbuatda bu hadisələrlə bağlı çıxan məlumatlar barədə konfrans iştirakçılarına geniş məlumat verib.
F.Muradov bir faktı diqqətə çatdırıb ki, Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə "Karabakh is Azerbaijan!" platformasında birləşən azərbaycanlı diaspor gəncləri iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə “Twitter”də ölkəmizin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatla bağlı həqiqəti əks etdirən informasiyalar paylaşıblar. Ölkəmizdə və xaricdə yaşayan gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində iyulun 14–15-də “Twitter” sosial şəbəkəsində qeyd edilən həştəq dünya trendinə düşüb.
Könüllülər də öz növbəsində sədrlə mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.
Videokonfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İslahat Könüllüləri ilə yanaşı Diaspor könüllüləri, Miqrasiya könüllüləri, ASAN könüllüləri, DOST könüllüləri, QİDA könüllüləri, Könüllü gömrükçülər, aqrar inkişaf könüllüləri, nəqliyyat könüllüləri də olmaqla müxtəlif könüllü təşkilatlarından 100-dən çox gənc iştirak edib.