SİYASƏT
Diaspor gənclərinin toplantıları Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından önəmlidir VİDEO
Vyana, 1 fevral, AZƏRTAC
Gənclər Günü münasibətilə fevralın 1-2-də Vyana şəhərində Azərbaycan diaspor gənclərinin görüşü keçirilir. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev tədbirlə bağlı fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşərkən deyib ki, dünyanın müxtəlif ölkələrindən Vyanaya toplaşan gənclərimiz müzakirələrdə fəal şəkildə iştirak edirlər.
Çindən Amerikaya kimi azərbaycanlı gənclərin iştirak etdikləri tədbirin mühüm əhəmiyyət kəsb etdiyini bildirən E.Əliyev bildirib ki, gənclərlə bu görüş uzun müddətdən bəri planlaşdırılırdı. Görüşün məqsədi diaspor fəaliyyəti və gənclərin bu fəaliyyətdə rolu barədə müzakirələr aparmaqdır. Eyni zamanda, gənclərin ideyaları və layihələri barədə məlumat almaq xarakteri daşıyan bu kimi toplantılar onların gələcək fəaliyyətlərini istiqamətləndirmək və dəstəkləmək baxımından mühüm əhəmiyyət daşıyır. Belə görüşlərin mütəmadi xarakter alması imkan verəcək ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı gənclərin fəaliyyəti daha da şəbəkələşmiş şəkildə həyata keçirilsin.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana