CƏMİYYƏT


Diaspor könüllüləri və gəncləri Qərb siyasətçilərinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar

Bakı, 10 iyun, AZƏRTAC

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə "Karabakh is Azerbaijan!" Milli Platforması ilə birlikdə Kəlbəcərdə baş vermiş terror aktına etiraz olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində könüllülər və platforma üzvləri şəxsi elektron ünvanlarından Avropa ölkələrinin parlamentarilərinə, ABŞ konqresmenlərinə və nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar. Müraciətdə iyunun 4-də xidməti vəzifələrini yerinə yetirərkən media nümayəndələrinin və yerli icra nümayəndəsinin Kəlbəcərin Susuzluq kəndi ərazisində minaya düşərək həlak olduğu diqqətə çatdırılıb.

Ümumilikdə siyasətçilərin və beynəlxalq təşkilatların elektron ünvanlarına ingilis dilində 100 mindən çox müraciət göndərilib.

Azərbaycanlı jurnalistlərin və yerli icra nümayəndəsinin mina partlayışı zamanı həlak olması ilə əlaqədar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Diaspor Gənclər Təşkilatları da beynəlxalq qurumlara müraciət ünvanlayıblar.

Azərbaycan Diaspor Gənclər (ADG) şəbəkəsi, Azərbaycan–İtaliya Gənclər Assosiasiyası (AİGA), Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyi (İtaliya), Azər–Türk Gənclər Təşkilatı (Finlandiya) və Şimali Amerika–Azərbaycan Gənclər Təşkilatlarının (ABŞ) yaydığı bəyanatda qeyd olunub ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməsi beynəlxalq humanitar qanunlara və konvensiyalara ziddir. Diaspor Gənclər Təşkilatları beynəlxalq qurumları və ictimaiyyəti minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verməsi məsələsi ilə bağlı Ermənistana təsir göstərməyə çağırıblar.

AIGA tərəfindən italyan dilində hazırlanmış bəyanat İtaliyanın məşhur beyin mərkəzlərinə də göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.