CƏMİYYƏT
Diaspor sədri: Azərbaycan və Misiri birləşdirən dini, mədəni əlaqələr bu gün də davam edir
Qahirə, 26 iyun, AZƏRTAC
Azərbaycanda dost Misir xalqına böyük rəğbət var. Qədim vaxtlardan hər iki milləti birləşdirən dini, mədəni əlaqələr bu gün də davam edir. Dünyada ekstremizmə qarşı mübarizə aparan Əl-Əzhər Əl Şərif ilə Azərbaycanın dini qurumlarının, ilahiyyatçı alimlərin əməkdaşlığı isə bir örnəkdir. Təsadüfi deyil ki, Əl-Əzhər Universitetində çoxlu sayda azərbaycanlı gənclər təhsil alıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanda Əl-Əzhər Universitetinin filialının açılması dindar gənclərin sülh və mərhəmət təbliğ edən İslam dininin əsl mahiyyətini öyrənməsi baxımından məqsədəuyğun olar. S.Nəsirov əlavə edib ki, ölkəmizdə insanların etiqad azadlığı tam təmin edilib, həmçinin bütün Qafqaz regionunun müsəlmanlarını birləşdirən dini qurum da Bakıda yerləşir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə