SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsi və Stokholmdakı Biznes Tarixi Mərkəzi arasında əməkdaşlıq layihələri müzakirə edilib

Stokholm, 7 noyabr, AZƏRTAC

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Stokholmdakı Biznes Tarixi Mərkəzinin rəhbəri və alimləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə İsveçlə Azərbaycanı bağlayan ticarət və biznes əlaqələrinin tarixi ilə yaxından tanış olaraq bu əlaqələrin öyrənilməsi üçün birgə elmi layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Əvvəlcə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinə Stokholmdakı Biznes Tarixi Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəz İsveçdə fəaliyyət göstərmiş və bu gün də mövcud olan şirkətlərin fəaliyyətini əks etdirən tarixi sənədləri və əşyaları qoruyub saxlayır. Mərkəz 7 mindən çox şirkətin arxivlərini qoruyur və bu məlumatlardan istifadə edərək müxtəlif kitablar və məlumatlar hazırlayır.

İsveçin Azərbaycanla tarixi əlaqələrindən söz açan mərkəzin rəhbəri Aleksandr Husebye Nobel qardaşlarına məxsus olmuş neft şirkətinin ölkəmizdə fəaliyyətindən danışıb, bu fəaliyyətin kifayət qədər öyrənilməməsinin təəssüf doğurduğunu bildirib. “Biz Nobel qardaşları haqqında kitab yazırıq və bu kitabda onların Azərbaycanda həyata keçirdikləri işlər və qoyduqları tarixi iz haqqında məlumat veriləcək. Bunun üçün alimlərimiz Azərbaycana da səfər edib və oradakı tarixi sənədlərlə tanış olublar”, - deyə o bildirib. Aleksandr Husebye kitabın 2020-ci ildə işıq üzü görəcəyini vurğulayaraq onun ölkəmizdə də maraqla qarşılana biləcəyini qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti, İsveçə səfəri haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycan İsveçlə əlaqələrin inkişafında maraqlıdır və bunun üçün elmi və tarixi araşdırmalar böyük maraq doğurur.

Nobel qardaşlarının neft hasilatı və emalı üzrə şirkətinin Azərbaycandakı fəaliyyətinə toxunan komitə sədri bu barədə kitabların yazıldığını, hətta filmin də çəkildiyini vurğulayıb. O, Stokholmdakı Biznes Tarixi Mərkəzi tərəfindən Nobel qardaşlarının Azərbaycandakı həyatını əks etdirən ayrıca kitabın tərtibinin əhəmiyyətini qeyd edib, azərbaycanlı və isveçli alimlərin bununla bağlı birgə işinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsi və Stokholmdakı Biznes Tarixi Mərkəzi arasında əməkdaşlıq layihələri müzakirə olunub, birgə işin həyata keçirilməsi üçün danışıqların başlanması qərarı verilib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.