ELM VƏ TƏHSİL
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
Odessa, 16 noyabr, AZƏRTAC
Ukraynada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti və azərbaycanlı icmasının üzvləri Odessadakı Əhməd Cavad adına həftəsonu məktəbində olublar.
AZƏRTAC xəbər verir ki, məktəblə tanışlıq zamanı qonaqlara təhsil ocağının kitabxananın nəzdində fəaliyyət göstərdiyi bildirilib. Məktəbdə ayrı-ayrı qruplar üzrə 7 yaşından 17 yaşına qədər olan 25 şagird təhsil alır. Onlara Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti tədris edilir. Məktəbdə Azərbaycan və Ukrayna guşələri də yaradılıb.
Qeyd edilib ki, Odessada yaşayan soydaşlarımızın bu məktəbə maraqları olduqca böyükdür. Məktəbin açılış mərasimində fəal iştirak edən azərbaycanlılar övladlarının burada təhsil almasına çalışırlar.
Sonra məktəb şagirdləri qonaqların qarşısında çıxış edərək şeir söyləyiblər. Səmərəli işlərinə və bu məktəbin fəaliyyətinə şərait yaratdıqlarına görə müəllimlərə, kitabxananın rəhbərliyinə və əməkdaşlarına tərifnamələr təqdim olunub. Məktəbə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı kitablar, Dövlət Komitəsinin dəstəyi ilə çap edilən Türkiyə-Azərbaycan jurnalları hədiyyə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa