SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vyanada görüşləri davam etdirir

Vyana, 14 noyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi nümayəndə heyətinin Avstriyanın Əcnəbilər və Sığınacaq Məsələləri üzrə Federal İdarəsinin direktoru Qerhard Rayşerlə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstriyaya səfərin məqsədləri və burada keçirilmiş görüşlər barədə danışıb, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişaf dinamikasına nəzər salıb. O, eyni zamanda, Bakıda dahi bəstəkar Amadey Volfqanq Motsarta, Vyanada isə professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyliyə abidə ucaldılmasını, beynəlxalq münasibətlərdə mühüm rol oynayan Avstriyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklənməsini məmnunluqla qeyd edib.

Komitə sədri federal idarə direktorunun diqqətini dövlətimizin apardığı diaspor siyasətinə cəlb edib. Azərbaycanda diaspor hərəkatının ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənməsi nəticəsində müvafiq institutun yaradıldığını, son illərdə bu hərəkatın yeni inkişaf müstəvisinə çıxdığını, dünyanın 50-yə yaxın ölkəsində Azərbaycanın 500-dən artıq diaspor təşkilatının mövcud olduğunu bildirib. Diqqətə çatdırıb ki, Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən müvafiq institutlarla anlaşma memorandumu imzalayıb və gələcəkdə belə sənədin Avstriyanın Əcnəbilər və Sığınacaq Məsələləri üzrə Federal İdarəsi ilə də imzalana biləcəyi istisna deyil.

Tərəflər iki təşkilat arasında işgüzar münasibətlərin yaranmasında Azərbaycanın Avstriyadakı səfirliyinin rolunu yüksək qiymətləndirib və əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə ölkəmizin Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.