CƏMİYYƏT
“Digital Youth Hub-2020” layihəsinin icrası başa çatdırılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
“Digital Youth Hub–2020” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən (GİKM) AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi qeyri-formal təhsil ilə müasir tələblərə cavab verən kadrlar yetişdirmək, gənclərin rəqəmsal bilik və bacarıqlara yiyələnmələrinə töhfə verməkdir.
GİKM və “Kibrit Tech” MMC tərəfindən təşkil olunan və üç ay davam edən layihə çərçivəsində informasiya texnologiyaları sahəsi ilə bağlı təlimlər keçirilib. İştirakçılar bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə məlumatlandırılıblar.
Layihənin ilk mövzusu “Rəqəmsal marketinq”ə həsr olunub. Layihədə iştirak üçün müraciət etmiş 200-dən çox gənc arasından 80 nəfər seçilərək müsahibənin ilkin mərhələsinə dəvət olunub. İlkin mərhələdən uğurla keçən 48 gənc layihədə iştirak hüququ qazanıb. Layihə ərzində onlara 20 təlim keçirilib. Təlimlər “Operating systems”, “Proqramlaşdırmaya giriş və alqoritmlər”, “Data structure”, “Databases”, “Java Basics”, “OOP”, “Design Patterns and Solid”, “Java fundamentals” və s. mövzuları əhatə edib.
Sonra proqramı tamamlamış 14 gənc dövlət və özəl qurumlarda iki həftə təcrübə prosesinə cəlb olunaraq qazandıqları nəzəri bilikləri real iş mühitində tətbiq etməklə prosesin birbaşa iştirakçısına çevriliblər. Nəzəri və praktiki cəhətdən “Junior Java Developer” sahəsinin bütün sirlərinə yiyələnən iştirakçılar bağlanış mərasimində sertifikat və hədiyyələrlə təltif olunublar.
Layihənin yekun tədbirində iştirakçılar, təlimçilər, təşkilatların nümayəndələri iştirak ediblər.
Gənclər üçün nəzərdə tutulan uzunmüddətli təlim və təcrübə proqramı olan “Digital Youth Hub” layihəsi ikinci dəfə keçirilir.