MƏDƏNİYYƏT
“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi rəssam Amil Quliyev tərəfindən keçirilib
Bakı, 30 mart, AZƏRTAC
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Digitalart-lab” layihəsi çərçivəsində rəssam Amil Quliyevin “Concept art” mövzusunda ustad dərsi baş tutub.
AZƏRTAC xəbər verir ki, ustad dərsi “Concept art” sahəsindəki yeniliklər, film və oyun sənayesində istifadə edilən metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçirilib.
Rəssam Amil Quliyev ustad dərsdə öz təcrübəsini iştirakçılarla bölüşüb, eyni zamanda “Concept art” sahəsindəki yenilikləri izləyicilərə çatdırıb və onların suallarını cavablandırıb.
Qeyd etmək lazımdır ki, “Concept art” filmlər, video oyunlar, animasiya və komikslərdə fikri çatdırmaq üçün istifadə olunan bir illüstrasiya formasıdır.
Ustad dərsi “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilib.