REGİONLAR


Dil xalqın milli varlığını müəyyən edən sərvətdir

Şəki, 2 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə malik Ana dilimiz ulu babalardan xalqımıza miras qalmış ən qiymətli sərvətdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Şəki Şəhər Heydər Əliyev Mərkəzinin və Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 9 nömrəli filialının birgə təşkilatçılığı ilə keçirilən “Ana dilim şirindir” adlı elmi-publisistik gecədə səsləndirilib.

Mədəniyyət işçilərinin, gənc şair və yazarların iştirak etdiyi tədbirin əvvəlində Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Şəki Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Rəşadət Sadıqov açaraq, ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edildiyini diqqətə çatdırıb.

Sonra mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri, şair, nasir və publisist Vaqif Aslan dilin millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvəti olduğunu bildirib.

Qeyd olunub ki, millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir.

Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev, Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, gənc yazar Elvin Nuri, MKS-nin 9 nömrəli kitabxana filialının müdiri Rüfanə Həsənova çıxış edərək, Azərbaycan dilinin bugünkü səviyyəyə gəlib çatmasında, dövlət dili kimi işlədilməsində Ulu Öndərin tarixi xidmətlərindən danışıb, hazırda bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycan dilinin geniş təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıblar.

Tədbirin sonunda kitabxananın əməkdaşı Dilbər Yaqubovanın ifasında ana dilinə həsr olunan bədii kompozisiya səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.