MƏDƏNİYYƏT
Dilarə Kazımova Kopenhagendə Azərbaycan və türk diasporunun tədbirində çıxış etmişdir VİDEO
Bakı, 5 may (AZƏRTAC). Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova Kopenhagendə “Türk Günü” ilə bağlı keçirilən konsertdə çıxış etmişdir.
Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Dilarə Kazımovanın çıxışı bu qurumun təşəbbüsü ilə baş tutmuşdur.
Konsertdə, həmçinin Azərbaycan musiqiçisi Günel Zeynalova, türk müğənniləri Mustafa Yıldızdoğan və Fərdi Tayfur da mahnılar ifa etmişlər.
Tədbirdə çıxış edən "Vətən" Cəmiyyətinin sədri Səfər Sadiqi Danimarkada yaşayan azərbaycanlıları və türkləri "Eurovision-2014" mahnı müsabiqəsində Dilarə Kazımovanı dəstəkləməyə çağırmışdır.
“Türk Günü” ilə əlaqədar Danimarkadakı Azərbaycan və türk diaspor təşkilatlarının təşkil etdikləri tədbirdə Türkiyənin bu ölkədəki səfiri Mehmet Dönmez, Danimarka və İsveçdə fəaliyyət göstərən Azərbaycan və türk təşkilatlarının rəhbərləri və üzvləri, Danimarkanın dövlət rəsmiləri iştirak etmişlər.