REGİONLAR


Dilbaz Atçılıq Təsərrüfatı yenidən qurulur

Ağstafa, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Ağstafa rayonunun Böyük Kəsik kəndində yerləşən Dilbaz Atçılıq Təsərrüfatı müasir tələblər səviyyəsində yenidən qurulur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tikinti-quruculuq işlərinin davam etdiyi təsərrüfat sahəsində at tövləsi, stasionar baytarlıq otağı, cıdır meydanı, talvar, anbar, ofis və digər binalar tikilib.

Nadir at cinslərindən sayılan Dilbaz atlarının yetişdirildiyi təsərrüfatın əsaslı şəkildə yenidən qurulması rayonda ənənəvi təsərrüfat sahələrinin yenidən bərpası ilə yanaşı, qədim ənənələrimizin təbliği və gələcək nəsillərə çatdırılması baxımından da vacibdir.

Hazırda atçılıq müəssisəsində 12 nəfər daimi işlə təmin olunub. İnşaat işlərinin davam etdirildiyi müəssisənin tam istifadəyə verilməsindən sonra burada daimi işləyənlərin sayı daha da artırılacaq.

435 hektar əkin və 927 hektar örüş sahəsi olan Dilbaz Atçılıq Təsərrüfatı 1997-ci ildən fəaliyyət göstərir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2015-ci ildə Dilbaz at cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat vəsait ayrılıb ki, bu da müəssisənin problemlərinin həllinə imkan verib.

Hazırda müəssisədə 137 baş at saxlanılır, o cümlədən 28 madyan, 3 ayğır, qalanı isə müxtəlif yaş qrupundan olandır.

Qeyd edək ki, ölkəmizdə atçılığın tarixi olduqca qədimdir. Dünyada yetişdirilən 260 at cinsindən ikisi - Qarabağ və Dilbaz atları Azərbaycana məxsusdur. Məşhur Qarabağ atından sonra dünya şöhrəti qazanmış Dilbaz atı XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yerli atların Şərq atları ilə çarpazlaşması əsasında və Qarabağ cinsinin təsiri altında yaranıb. Cinsin adı zaman keçdikcə bir neçə dəfə dəyişib. Əsasən minik atı olan Dilbaz bəzi mənbələrdə "Dəliboz”, "Diliboz”, hətta "Dilboz” da adlanır. Bu atlar geniş alın, qısa baş, dar burun, ağır boyun, uzun kürək və beli ilə digər at cinslərindən fərqlənir. Ayaqları nisbətən hündürdür. Çox təsadüf edilən rəngi boz və kəhərdir. Dilbaz atı idmanda, minikdə, yükdə və yüngül qoşquda istifadə olunur. Dözümlülüyü və dağlıq şəraitdə minik üçün möhkəm olması ilə fərqlənir. Dilbaz atları yaxşı işləmə bacarığına malikdir. Onlar bir gündə 115-130 kiloqram yüklə 45-55 kilometr, idmançı ilə isə 70 kilometr yol qət edə bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.