REGİONLAR
Dilçi alim Lənkəran Dövlət Universitetinə 171 kitab və dərs vəsaiti hədiyyə edib
Lənkəran, 6 dekabr, Bağır Əliyev, AZƏRTAC
Tanınmış dilçi alim, Lənkəran Dövlət Universitetinin (LDU) xarici dillər kafedrasının professoru, filologiya elmləri doktoru İlham Tahirov şəxsi kitabxanasından LDU-nun İKT və Kitabxana Mərkəzinə elmin müxtəlif sahələrini əhatə edən, tələbələrin ən çox ehtiyac duyduğu 171 nüsxə kitab və dərs vəsaiti hədiyyə edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabxana fondunun zənginləşməsində buraya kitab hədiyyə edənlərin rolunu yüksək qiymətləndirən Mərkəzin rəhbəri Elazə Əhmədova bildirib ki, İ.Tahirov bu günədək kitabxanaya bu qədər dərs vəsaiti hədiyyə edən ilk ziyalıdır.
Adətən dərslik çap etmiş müəlliflərin öz kitablarından 3-5 nüsxəni Mərkəzə bağışladıqlarını deyən E.Əhmədova bütün tələbələrin və kitabxanaçıların professor İlham Tahirova minnətdarlıqlarını çatdırıb.
Qeyd edək ki, İlham Tahirov 1963-cü ildə Masallı rayonunda anadan olub. O, Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində çalışıb.
İ.Tahirov Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əyani aspirantı olub. 1994-cü ildə “Azərbaycan dili” ixtisası üzrə namizədlik, 2008-ci ildə “Dil nəzəriyyəsi” ixtisası üzrə doktorluq dissertasiyalarını müdafiə edib.
Dilçi alim Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda ümumi dilçilik və dil əlaqələri şöbəsində kiçik elmi işçi, elmi işçi kimi çalışıb. 1996-cı ildən isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, həmçinin LDU-nun xarici dillər kafedrasının professorudur.
İ.Tahirov ümumi dilçilik, dil nəzəriyyəsi, dillərarası əlaqələr, funksional-semantik sahə, dialekt leksikası, toponimika məsələlərinə həsr olunmuş 3 monoqrafiyanın, 75 məqalə və tezisin müəllifidir.
O, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının, AMEA Rəyasət Heyətinin nəzdində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının Dilçilik üzrə Problem Şurasının, AMEA-nın Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının Orfoqrafiya bölməsinin, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.