ELM VƏ TƏHSİL
Dilçi alim: Ulu Öndər dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi
Bakı, 28 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin zəngin siyasi fəaliyyətində dil məsələsi mühüm yer tutub. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib.
“Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb. Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Sovet İttifaqında bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi”, - deyə T.Şükürlü əlavə edib.
Alim vurğulayıb ki, ümummilli lider Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, müasir durumu və mövcud problemlərini də diqqət mərkəzində saxlayıb, bu istiqamətdə bir sıra tədbirlərin keçirilməsinə, sənədlərin qəbul olunmasına imza atıb. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Heydər Əliyevin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Üç fəsildən, iyirmi maddədən ibarət olan Qanun, ilk növbədə, dilimizin dövlət dili kimi hüquqi statusunu, onun işlənməsi istiqamətlərini müəyyənləşdirdi.
Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə diqqət Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.