ELM VƏ TƏHSİL
Dilçi alim: Ulu Öndərin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanda siyasi natiqliyin formalaşmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu Öndərin nitqi öz səmimiliyi, zənginliyi, orijinallığı ilə dünyanın siyasi xadimlərinin nitqləri ilə müqayisə oluna bilər. Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarında şifahi nitqə üstünlük verib, yazılı məruzə və ya çıxışlardan, demək olar ki, imtina edirdi.
Ümummilli Liderin çıxış etdiyi auditoriyalar öz zənginliyi ilə seçilirdi. O, həm də əzəmətli görkəmi, baxışı, səsi ilə auditoriyanın diqqətini özünə çəkə bilirdi. Böyük natiq auditoriya ilə ünsiyyətə girir, sual verib, cavab alırdı. Bu dahi şəxsiyyətin nitqindəki sistemlilik, ardıcıllıq və məntiqilik bütün çıxışlarında özünü göstərirdi. Heydər Əliyev çıxış edərkən bütün varlığı və inamı ilə danışırdı. Xalq danışıq dilindən gələn ifadələri məharətlə işlədirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib. Alim vurğulayıb ki, ulu öndər Heydər Əliyev üçün dil məsələsi həmişə önəmli olub. Ana dilini ürəkdən sevən, bu dildə danışmağı ilə fəxr edən Ümummilli Lider bənzərsiz nitqlərində, dərin məzmunlu çıxışlarında dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə edirdi. Ümummilli lider Heydər Əliyevin natiqlik məharətini ana dilini gözəl bilməsi, bu dildən mənəvi zövq alması şərtləndirir. Heydər Əliyev Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər görüb. Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib.
Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Klassiklərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında xidmətlərinə, yaradıcılıqlarına verilən qiymətdir. Digər tərəfdən, belə yubileylərin keçirilməsi xalqın, millətin zənginliyini nümayiş etdirir.
Ümummilli lider Heydər Əliyev dilimizin inkişafı məsələlərində də nikbin idi. Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu.
“Heydər Əliyevin nitqi zənginliyi, emosionallığı, mükəmməlliyi ilə bir örnək, onun ictimai-siyasi natiqlik sahəsindəki təcrübəsi, istedadı isə bir məktəbdir”, - deyə dosent Təranə Şükürlü fikrini yekunlaşdırıb.