ELM VƏ TƏHSİL
Dilçilik İnstitutu: “Erməni dilində isim” adlı tədris vəsaiti çap olunub
Bakı, 25 fevral, AZƏRTAC
Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin əməkdaşı, Türk dilləri şöbəsinin dissertantı Türkan Əzizzadənin “Erməni dilində isim” adlı tədris vəsaiti çap olunub. Türkan Əzizzadə, eyni zamanda, 2016-2018-ci illərdə Dilçilik İnstitutunun “Erməni dili” ixtisası üzrə magistrantı olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru İlhami Cəfərsoy, rəyçiləri professor Qafar Çaxmaqlı və filologiya üzrə fəlsəfə doktoru Günel Orucovadır.
Tədris vəsaitində Azərbaycan dili ilə müqayisəli şəkildə erməni dilinin isimləri, onun quruluşca və mənaca növləri, ümumi və xüsusi isimlər, ismin cəm, mənsubiyyət, hal, xəbərlik və müəyyənlik kateqoriyaları ətraflı şəkildə nəzərdən keçirilib. Eyni zamanda, ismin müxtəlif halları ilə işlənən qoşmalar, fərqli hallanan söz qrupları da kitabda sistemli şəkildə yer alıb.
Vəsait ali təhsil alan tələbələr üçün nəzərdə tutulur.
AZƏRTAC-0-