ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda Gənclər Günü qeyd olunub
Bakı, 1 fevral, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin direktoru, akademik Möhsün Nağısoylu tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışan M.Nağısoylu bildirib ki, bu sahə ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.
Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərimizin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiklərini deyib. Gənclərin elmi-mədəni, siyasi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynadığını söyləyən A.Allahverdiyeva institutda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmli, türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışlarında bildiriblər ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Gənclər diqqətdən kənarda qalmır, onların elmi yaradıcılığı və fəaliyyətləri yüksək qiymətləndirilir.
Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gəncə fəxri fərmanlar verilib.