ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda Mikayıl Müşfiqin 110 illik yubileyi elmi sessiya ilə qeyd olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən "Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu görkəmli şairin həyat və yaradıcılığından danışıb. Alim qeyd edib ki, Mikayıl Müşfiq qısa ömründə poeziyaya böyük töhfələr verib, bənzərsiz poetik nümunələr yaradıb. Qeyd olunub ki, Mikayıl Müşfiq XX əsr Azərbaycan poeziyasına öz üslubu ilə novatorluq gətirib. Milli ədəbiyyatımızı lirik şeirlər, poemalar, mənzum oçerklər və nağıllar, uşaq şeirləri ilə zənginləşdirən Mikayıl Müşfiq misilsiz sənət inciləri yaradıb. Müşfiq şeirlərinin ruhunda ana dilimizin zənginliyi, ahəngi, harmoniyası bütünlüklə ehtiva olunub. Onun poeziyasında xalq ruhunun bədii ifadəsi, milli düşüncənin inikası var. Dramatik poemalar, nəzm və nəsr hissələrindən ibarət olan poemalar, özünəməxsus sonetlər Müşfiq yaradıcılığının orijinal cəhətlərindən olsa da, onun adı daha çox lirik şeirin qüdrətli ustası kimi ədəbiyyat tariximizə həkk edilib.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Müşfiqin şeir dilinin poetik imkanları”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva “Azadlıq carçısı Müşfiq” mövzularında məruzə ilə çıxış ediblər.
Sessiyada, həmçinin “Müşfiqin məhəbbət poeziyası”, “Mikayıl Müşfiq yaradıcılığı leksikoqrafiyanın obyekti kimi”, “Mikayıl Müşfiq şeirlərində Azərbaycan dilinin poetik imkanları” mövzularında məruzələr dinlənilib.