ELM VƏ TƏHSİL
Dilçilik İnstitutunda “Uğura gedən yol” mövzusunda dəyirmi masa təşkil olunub
Bakı, 23 yanvar, AZƏRTAC
Yanvarın 23-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsində “Uğura gedən yol” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada “ECO Tech Solutions MMC” şirkətinin direktoru Fədai Abdullayev məruzə ilə çıxış edib. Bildirib ki, “Uğura gedən yol” layihəsi bir çox gəncə özünü tanımaq, dərk etmək, daxilindəki gücü ortaya çıxarmaq şansı verib. Müvəffəqiyyətli olmaq üçün lazım olan məlumatlar layihə vasitəsilə gənc alimlərə izah edilib.
F.Abdullayev onu da əlavə edib ki, bu cür layihələr uğur qazanmaq istəyənlərin metod və motivasiya ala biləcəkləri bir qaynaq, müvəffəqiyyətli həyatın başlanğıc nöqtəsi ola bilər. Belə layihələr gənclər arasında uğur qazanan insanların sayını artırır.
Seminar zamanı insan xarakterinin ölçüləri, şəxsiyyətin və özünəinam hissinin formalaşması, sarsıntılardan uzaqlaşma, eqo ilə karyeranın uyğunluğu kimi məsələlər diqqətə çatdırılıb.
Sonda türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov və şöbənin əməkdaşları mövzu ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən, cəmiyyətə, xüsusilə gənclərə verdiyi töhfələrdən söhbət açıblar.